Haqqımızda
Azad Fikir Universiteti 2009-cu ilin oktyabrında öz fəaliyyətində başlamışdır. Layihənin məqsədi məqsədi gəncliyin rahat toplaşaraq bilik əldə etməsi, müasir, demokratik dəyərlərlə tanış olması, sərbəst müzakirələr apara bilməsi, bir sözlə öz tələbəlik həyatını zənginləşdirməsidir. Azad Fikir Universiteti gənclər və tələbələr üçün alternativ bir təhsil və müzakirə məkanıdır. Layihə çərçivəsində hər çərşənbə axşamı və cümə axşamı iki saat uzunluğunda interaktiv mühazirələr keçirilir. Azad Fikir Universitetinin uğuru sərbəst mühitdə keçirilən mühazirələrin mövcudluğu və həmin mühazirələrin video və audio yazılarının internet vasitəsilə müxtəlif sosial şəbəkələrdə yayılması ilə əlaqədardır. 2010-cu ildə Azad Fikir Universiteti İnternetdə İfadə Azadlığı üzrə ilk illik diplomatik mükafatına layiq görülüb. 2011-ci ildə layihənin vebsəhifəsi MilliNet - Milli İnternet Mükafatının Elm və Təhsil kateqoriyası üzrə qalibi seçilmişdir. Layihə OL! Azərbaycan Gənclər Hərəkatı tərəfindən həyata keçirilir. Azad Fikir Universiteti indiyədək 200-ə qədər interaktiv mühazirə təşkil etmişdir. Ümumilikdə bu dövr ərzində 2500-dən artıq gənc AFU-nun tədbirlərində iştirak etmişdir. Mühazirələr əsasən İnsan Hüquqları, İfadə Azadlığı, İqtisadiyyat, Fəlsəfə, Cəmiyyət, Mədəniyyət, Siyasət istiqamətlərində olur. Mühazirələrdən sonra tədbirin video və audio yazıları internetdə Facebook və Twitter kimi sosial şəbəkələr vasitəsilə yayılır. Layihədə mühazirəçi kimi müxtəlif yerli və xarici ekspertlər, elm adamları və ictimai-siyasi xadimlər iştirak edirlər. Fəaliyyətə başlayandan indiyədək Azad Fikir Universitetində 50-dən çox spiker iştirak edib. Onların arasında ictimai-siyasi xadimlər Hikmət Hacızadə, Eldar Namazov, İlqar Məmmədov və Erkin Qədirli; filosoflar Rəhman Bədəlov, Ağalar Məmmədov və Niyazi Mehdi; iqtisadçılar Sabit Bağırov, Toğrul Cuvarlı və Qubad İbadoğlu; tarixçilər Altay Göyüşov və Fərda Əsədov, tanınmış jurnalistlər Qulu Məhərrəmli, Zeynal Məmmədli, Xədicə İsmayıl və Çingiz Sultansoy; o cümlədən bəstəkarlar Elmir Mirzəyev, Firudin Allahverdi və professor Rafiq Əliyev olmuşlar. Növbəti məqalə: AFU İdeyası |
Facebook-da fəaliyyət |